AZƏRBAYCAN RESPUBLİKASI

Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyası

Münaqişə müddətində 1444 nəfər vətəndaş əsir və girovluqdan azad edilmişdir *
Dövlət Komissiyasının qeydiyyatından keçən itkin düşmüş şəxslər - 3875 nəfər *
VƏTƏNDAŞLARIN NƏZƏRİNƏ!!!
Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyası İşçi qrupunun rəhbəri İsmayıl Axundovun 1905.az portalına müsahibəsi   

İsmayıl müəllim, müdhiş Xocalı soyqırımının 25-ci ildönümü yaxınlaşır. Ötən illər ərzində Dövlət Komissiyasının bilavasitə bu soyqırım aktı nəticəsində yaşananlarla bağlı gördüyü işlər haqqında danışaq.

– Məlumdur ki, Xocalı soyqırımı XX əsrdə ermənilər tərəfindən Azərbaycan xalqına qarşı törədilmiş yeganə soyqırım aktı deyil. Ancaq bu soyqırımı cinayətini əvvəlkilərdən fərqləndirən bir sıra məqamlar var. Bu məqamları dərindən bilmək üçün hər şeydən öncə soyqırımın baş verdiyi tarix, həmin dövrdəki ictimai-siyasi vəziyyət, o cümlədən daxili və xarici təsirlər ətraflı şəkildə araşdırılmalıdır. Bu araşdırma həm elmi ictimai və publisist, həm də hərbi-siyasi və hüquq müstəvisində aparılmalıdır. Bütün bu məqamlar dərindən araşdırılmadan dəqiq nəticənin əldə edilməsi mümkün deyil.
Qeyd etmək zəruridir ki, Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyası əsasən Ermənistan – Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi nəticəsində əsir-grov götürülmüş şəxslərin azad edilməsi, itkinlərin axtarışı və sonrakı taleyinin müəyyən edilməsi sahəsində işlər aparır. Dövlət Komissiyası Xocalı soyqırımından bir il sonra 1993-cü ilin yanvar ayında yaradıldığı üçün bilvasitə bu soyqırımı zamanı Ermənistan tərəfindən törədilmiş humanitar fəlakətin aradan qaldırılmasında iştirak etməyib. Ancaq bu soyqırım aktında törədilmiş humanitar fəlakətin miqyası o qədər genişdir ki, insanların son taleyinin dəqiq müəyyən edilməsi üçün ciddi və ardıcıl tədbirlərin aparılması zəruridir. Bir məqamı xüsusi olaraq qeyd etməliyəm ki, həm Xocalı soyqırımı, həm də ümumiyyətlə, Ermənistan – Azərbaycan Dağlıq Qarabağ münaqişəsi nəticəsində itkin düşmüş bütün insanların son taleyinin aydınlaşdırılması üçün Azərbaycan torpaqlarının işğaldan azad edilməsi vacibdir. İşğal faktoru humanitar problemlərin həllinə ciddi mane olan amildir.
Bütün bunlara baxmayaraq, Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyası Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin bu sahə ilə bağlı müəyyən etdiyi vəzifələrin icrası sahəsində zəruri işlər aparır. Qeyd etməliyəm ki, bu problem cənab Prezidentin diqqət mərkəzində saxladığı prioritet sahələrdən biridir.
Komissiya son illərdə bütün itkin düşmüş şəxslər, o cümlədən Xocalı soyqırımı zamanı itkin düşmüş şəxslərin siyahılarının tam dəqiqləşdirilməsi sahəsində ciddi iş aparıb. Dövlət Təhlükəsizliyi Xidmətinin rəisi, general-leytenant Mədət Quliyev Azərbaycan Respublikası Prezidentinin 30 oktyabr 2015-ci il tarixli Sərəncamı ilə Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyasının sədri təyin edildikdən sonra siyahılarda dəqiqləşmə işinin 2016-cı il ərzində başa çatdırılması işini qarşıya əsas vəzifə kimi qoyub. Hazırda biz bu işi yekunlaşdırmağa çox yaxınıq.
Sözsüz ki, bu dəqiqləşmə işi Xocalı soyqırımı zamanı itkin düşənlərə də aiddir. Məlumdur ki, soyqırımı ərəfəsində Xocalıda bu şəhərin sakinləri ilə yanaşı, həmin dövrdə Ermənistandakı ata-baba yurdlarından və Dağlıq Qarabağdakı kəndlərdən qovulmuş azərbaycanlılar, həmçinin də ahıska türkləri məskunlaşıblar. Ona görə də soyqırım ərəfəsində əslində şəhərdə yaşayan insanların sayı çox olub. Bu səbəbdən araşdırma prosesində rəqəmlərin dəyişəcəyi mümkündür. Hazırda isə Komissiya tərəfindən dəqiqləşmiş məlumata əsasən, 195 nəfər Xocalı soyqırımı zamanı itkin düşmüş şəxs kimi Komissiyanın qeydiyyatındadır. Onların arasında 36 nəfər uşaq, 64 nəfər qadın, 33 nəfər qoca da var. İtkin düşmüş, 195 nəfərdən 95 nəfərinin işğal zamanı əsir-girov götürülməsi və saxlanması faktı şahid ifadələrinə əsasən müəyyən edilib (İtkin düşmüş şəxslərin siyahısı, Əsir-girov götürülmüş şəxslərin siyahısı).
Bundan başqa, Komissiya tərəfindən əsir-girovluqdan azad edilmiş Xocalı sakinlərinin əksəriyyətinin hadisə ilə bağlı həm yazılı, həm də videoifadələri alınaraq arxivləşdirilib. Bu materiallar eyni zamanda, aidiyyəti üzrə istintaq-əməliyyat qrupuna da göndərilib.
Xocalı rayonundan əsir-girov götürülmüş vətəndaşlarımızın saxlanma yerləri haqqında nə demək olar?
– Bu suala cavab vermək üçün öncə başqa bir məqamı aydınlaşdırmaq zəruridir. Bilirsiniz ki, Ermənistan hələ də Xocalıya hücum zamanı guya dinc əhalinin şəhərdən çıxması məqsədi ilə dəhlizin yaradıldığı barədə cəfəng məlumatlar yaymaqdadır. Lakin həm Komissiyada aparılan araşdırma və təhlil işi, həm soyqırım faktı ilə bağlı başlanmış cinayət işinin istintaqı zamanı, xüsusən də şahid ifadələri tam şəkildə təsdiq edir ki, şəhər hər tərəfdən mühasirəyə alınıb və dinc əhaliyə qarşı aşkar soyqırım həyata keçirilib. Şəhər əhalisinin bir hissəsi zorakılıqdan qaçıb qurtarmaq istəyərkən qətlə yetirilib. Hətta bu məqsədlə ayrı-ayrı erməni terrorçu-quldur dəstələri tərəfindən əvvəlcədən müəyyən edilmiş yerlərdə pusqular da qurulub. Dəhlizin olmaması faktını hadisə zamanı orada olmuş xarici jurnalistlər və beynəlxalq təşkilatların nümayəndələri da təsdiq edir. Təsadüfi deyil ki, Rusiyanın «Memorial» hüquq-müdafiə mər¬kə¬zi¬nin məlumatına əsasən, dörd gün ərzində Ağdama Xocalıda qətlə yetirilmiş 200 azərbaycanlının meyiti gətirilib, onlarla meyitin təhqirə məruz qalması faktı aşkar edilib. Ağdamda 181 meyit (130 kişi və 51 qadın, o cümlədən 13 uşaq) məhkəmə-tibbi ekspertizasından keçirilib. Ekspetiza zamanı müəyyən edilib ki, 151 nəfərin ölümünə güllə yaraları, 20 nəfərin ölümünə qəlpə yaraları səbəb olub, 10 nəfər küt alətlə vurularaq öldürülüb. Hüquq-müdafiə mərkəzi diri adamın baş dərisinin soyulması faktını da qeydə alıb.
Şəhərə hücum zamanı əhali əsasən, Ağdam rayonu istiqamətində hərəkət edib. Əslində əhalinin başqa çıxış yolu da olmayıb. Bu istiqamətdə hərəkət edən əhalinin əsas məqsədi Ağdam şəhərinə çatmaqdan və onlar üçün qurulmuş kütləvi qətliam tələsindən canlarını qurtarmaqdan ibarət olub. Ancaq düşmən bu məqamları çox dəqiq şəkildə işləyib, əhalini əvvəlcədən soyqırıma məruz qoymağı, sonuncu nəfərinədək qətlə yetirməyi vacib hərbi-strateji məqsəd kimi müəyyən edib. Məhz bu məqsədlə Xocalıya aparan bütün avtomobil yolları soyqırımı aktından hələ 4 ay əvvəl – 1991-ci il oktyabr ayının sonunda tamamilə bağlanıb, şəhərlə yeganə əlaqə yalnız vertolyotların vasitəsi ilə həyata keçirilirdi. 1992-ci ilin yanvarın 28-də Ağdamdan Şuşaya uçan Mİ-8 vertolyotu şəhərə çatmamış, Xəlfəli kəndinin üzərində Xankəndi istiqamətindən raketlə vurularaq partladıldığı üçün Xocalı ilə vertolyot əlaqəsi də kəsilmişdi. Bundan sonra isə Ermənistan ordusu bir-birinin ardınca yuxarı Qarabağda azərbaycanlılar yaşayan sonuncu yaşayış məntəqələrini də işğal edib və Xocalının mühasirəsi tam şəkildə başa çatdırılıb.
Bu soyqırımının Xocalıda törədilməsinin Ermənistan üçün vacib məqsədi Azərbaycanın bu qədim yaşayış məskəninin yer üzündən silinməsindən ibarət olub. Çünki Xankəndidən 10 kilometr cənub-şərqdə, Ağdam-Şuşa və Əsgəran-Xankəndi yollarının arasında yerləşən Xocalı bölgədə strateji əhəmiyyətli ərazi kimi Ermənistanın hərbi-siyasi xuntasını narahat edirdi. Şəhərin əhəmiyyətini artıran səbəblərdən biri də Dağlıq Qarabağın yeganə hava limanının məhz burada yerləşməsi idi. Bu səbəbdən Ermənistan silahlı qüvvələrinin əsas məqsədi Xocalıdan keçən Əsgəran-Xankəndi yoluna nəzarət etmək və Xocalıda yerləşən aeroportu ələ keçirmək idi. Bu hərbi-strateji üstünlük həm də Ermənistanın sonrakı işğalçılıq planlarının reallaşmasında əsas rol oynayacaqdı.
Bundan başqa, Xocalı Azərbaycana məxsus qədim ərazilərdən biri kimi həm də tarixi mədəniyyət abidələri ilə seçilirdi. Təsadüfü deyil ki, yerli əhalini vəhşicəsinə qırarkən ermənilər azərbaycanlı, türk izini itirmək kimi vandalizmə də əl atıb, Azərbaycan xalqı və bəşəriyyət üçün nadir nümunə hesab edilən Xocalı abidələrini də dağıdıblar. Xocalı isə həm 7 min nəfərdən çox əhalisinə, həm də tarixi mədəniyyət abidələrinə görə, Şuşadan sonra böyük əhəmiyyət kəsb edirdi.
Qayıdaq sualınızın əsas hissəsinə, qeyd etdiyim kimi, əhali əsasən Ağdam istiqamətinə hərəkət edib və bu iki şəhərin arasında yerləşən ərazidə qətlə yetirilib. Sağ qalanlar isə əsir-girov alınıb və onlara qarşı insanlıq tarixinin ən qəddar və vəhşi hərəkətləri törədilib. Saxlanılanlar əsasən ərazidə yerləşən Pircamal və Dəhraz kəndlərindəki mal tövlələrində, Əsgəran şəhərindəki milis İdarəsinin təcridxanasında toplanıblar, müəyyən bir hissəsi isə Xankəndinə və sonradan Ermənistan ərazisinə aparılıb.
Bildiymiz qədər, Dövlət Komissiyası Beynəlxalq Qızıl Xaç Komitəsi ilə birlikdə “Ante Mortem” proqramını həyata keçirir. Bu proqram Xocalı ilə bağlı sualların çözülməsində hansı rolu oynayır?
– Əvvəlcə qeyd etmək istəyirəm ki, 2008-ci ilin aprel ayında BQXK-nın Azərbaycan Respublikasındakı Nümayəndəliyi ilə Dövlət Komissiyası arasında «Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi ilə bağlı itkin düşmüş şəxslər haqqında Ante Mortem məlumatların toplanması və mərkəzləşdirilmiş şəkildə idarə olunması üzrə» çərçivə sazişi imzalanıb. Sazişin əsas məqsədi münaqişə nəticəsində itkin düşmüş şəxslərlə bağlı ətraflı məlumatların toplanmasından, gələcəkdə naməlum meyit qalıqlarının ekspertizası və identifikasiyası zamanı bu məlumatlardan istifadədən ibarətdir.
Çərçivə sazişi imzalandıqdan sonra zəruri olan ilk iş itkinlər barədə ətraflı məlumatların toplanmasından ibarət idi. Bu iş BQXK-nın köməkliyi ilə Azərbaycan Qızıl Aypara Cəmiyyətinin könüllüləri tərəfindən həyata keçirilibr. Məlumata görə, ümumilikdə 3500-ə yaxın sorğu anketi toplanılaraq BQXK-ya təhvil verilib.
26 yanvar 2011-ci il tarixdə BQXK ilə Dövlət Komissiyası arasında imzalanmış «Ante Mortem / Post Mortem məlumat Bazasının istifadəsi» üzrə Proqram Təminatı Müqaviləsinə uyğun olaraq, toplanmış məlumatlar elektron məlumat bazasına daxil edilir. Bu iş Dövlət Komissiyasının BQXK tərəfindən əvvəlcədən təlim keçilmiş əməkdaşları tərəfindən aparılır. Bu günə qədər artıq 2447 nəfər barədə məlumat bazaya daxil edilib. Bu işdə BQXK-nın mütəxəssisləri də İşçi qrupuna yardım edirlər.
İndiki mərhələdə ən vacib məsələ itkin düşmüş şəxslərin yaxın qohumlarından DNT nümunələrinin toplanması və saxlanmasıdır. 2013 ildə aparılmış müzakirələr zamanı BQXK tərəfindən pilot layihə kimi irəli sürülmüş bukkal (ağız suyu) nümunələrin götürülməsi məqsədəuyğun sayılıb. Nümunələrin saxlanılması ilə bağlı xüsusi yer ayrılıb.
2014-cü ildə itkin ailələri sırasından 100 nəfərdən bioloji nümunələrin götürülməsi ilə bağlı BQXK tərəfindən irəli sürülmüş pilot layihə uğurla həyata keçirilib, hazırda isə bu iş davam etdirilir. Hər iki qurumun iştirakı ilə artıq Abşeron yarımadası üzrə iş başa çatdırılıb, Salyan və Neftçala rayonlarında iş davam etdirilir. Bu, bütün itkin düşmüş şəxsləri əhatə edəcək. İndiyə kimi 694 ailədən tam şəkildə, 450 ailədən isə qismən olmaqla, bütövlükdə 3164 nümunə toplanılıb. Bu layihə bütün itkinlərlə yanaşı, Xocalı soyqırımı zamanı itkin düşmüş şəxslərin də taleyinin aydınlaşdırılmasına yardımçı olacaqdır. Bu yaxın keçmişdə baş vermiş digər münaqişə bölgələrində, xüsusən də keçmiş Yuqoslaviya ərazisində 1991-1995-ci illərdə baş vermiş münaqişələrdə itkin düşmüş şəxslərin taleyinin müəyyən edilməsi işində sınaqdan keçirilmiş layihədir. Adı çəkilən ərazilərdə icra edilmiş bu layihənin nəticələri ilə biz müəyyən mənada tanışıq və ona görə də ümid edirik ki, bizdə də bu müsbət nəticə verəcəkdir.
Yeri gəlmişkən qeyd etmək istəyirəm ki, BQXK bölgədə fəaliyyətə başladığı vaxtdan etibarən Dövlət Komissiyası ilə səmərəli şəkildə əməkdaşlıq edir və bu müsbət nəticələr verir. Cari ilin əvvəlindən isə xanım Elena Aymone Sesseranın BQXK-nın Azərbaycan Respublikasındakı Nümayəndəliyinin başçısı təyin edilməsindən sonra bu qurumun işində daha çox canlanma hiss edilir. Aprel döyüşlərində həlak olmuş hər iki tərəfə aid hərbçilərin meyitlərinin qaytarılması prosesində xanım E.Sesseranın şəxsən iştirakı buna bariz nümunədir. Biz Komissiya ilə məqsədyönlü əməkdaşlığa görə xanım E.Sesseraya təşəkkürümüzü bildiririk. İnanırıq ki, bu əməkdaşlıq çərçivəsində itkin düşmüş şəxslərin taleyinin müəyyən edilməsində gərəkli nəticələr əldə edəcəyik.
İsmayıl müəllim, Ermənistanı Cenevrə Konvensiyasının tələblərini kobud şəkildə pozan ölkə kimi beynəlxalq məhkəməyə vermək imkanları araşdırılırmı?
– Dağlıq Qarabağ münaqişəsinə rəvac verən Ermənistan nəinki 12 avqust 1949-cu il tarixli Cenevrə Konvensiyalarını, bütövlükdə beynəlxalq hüququn norma və prinsiplərini pozub və indi də beynəlxalq aləmin gözü qarşısında bu əməlini davam etdirir. Təəssüf ki, beynəlxalq hüquq normalarını qəbul edən aparıcı dövlətlər, eyni zamanda bu normalara münasibətdə ikili standartları da yaradıblar.
Əslində Ermənistanın Azərbaycan xalqına qarşı törətdiyi cinayət əməllərinə görə, beynəlxalq məhkəməyə verilməsi məsələsi daim diqqət mərkəzində olub. Bildiyiniz kimi, 2002-ci ildə Ümummilli liderimiz Heydər Əliyevin təşəbbüsü ilə Dövlət Komissiyasında aparılmış geniş müzakirələrin nəticəsində “Dağlıq Qarabağın silahlı separatçı qüvvələri və Ermənistanın hərbi birləşmələri tərəfindən törədilmiş cinayət hadisələrinin istintaqı ilə əlaqədar Baş Prokurorluq, Daxili İşlər və Dövlət Təhlükəsizliyi Xidmətinin birgə istintaq-əməliyyat qrupu” yaradılıb. Elə həmin vaxtdan Komissiya istintaq-əməliyyat qrupu ilə sıx əməkdaşlıq edib. İşçi qrupunda toplanmış bütün zəruri material və məlumatlar quruma təqdim edilib. Hazırda da bu əməkdaşlıq müntəzəm şəkildə davam etdirilir.
İstintaq-əməliyyat qrupundan əldə edilmiş məlumatlara əsasən deyə bilərik ki, Dağlıq Qarabağ münaqişəsi zamanı cinayət törətmiş şəxslər barədə konkret məlumatlar toplanıb. İstintaq araşdırması zamanı 296 nəfər barədə təqsirləndirilən şəxs qismində axtarış elan edilib. Onlardan 31 nəfəri bilavasitə Xocalı şəhərində törədilmiş soyqırım aktına görə təqsirləndirilib. Biz Azərbaycan xalqına qarşı cinayət törətmiş konkret insanların ədalət məhkəməsi qarşısında cavab verəcəyinə inanırıq. Bu günlərdə Azərbaycan Respublikasının Milli Məclisində Xocalı soyqırımı ilə bağlı yeni qanun layihəsinin hazırlanması ilə bağlı məlumatlar, soyqırıma məruz qalan insanların hüquqlarının qorunmasına, bu cinayət əməllərinə hüquqi qiymət verilməsi işinə yeni töhfə verəcəkdir.
İsmayıl müəllim, Xocalıda əsir-girov götürülmüş, itkin düşmüş soydaşlarımızla bağlı dünya ictimaiyyəti hansı yollarla məlumatlandırılır? Müdhiş faciənin 25-ci ildönümü ərəfəsində hansısa addımlar atılacaqmı?
- Ümumiyyətlə, həm Xocalı soyqırımına, həm də ermənilər tərəfindən Azərbaycan xalqına qarşı XX əsr boyu törədilmiş bütün soyqırım və cinayət əmmələrinə siyasi-hüquqi qiymət Ümummilli liderimiz Heydər Əliyev 1993-cü ildə siyasi hakimiyyətə qayıtdıqdan sonra verilib. Buna misal kimi Xocalı soyqırımı il bağlı 1994-cü ilin fevralında Azərbaycan Respublikasının Milli Məclisi tərəfindən qəbul edilmiş məlum sənədi, eyni zamanda Ümummilli lider tərəfindən 31 Mart Azərbaycanlıların Soyqırımı günü elan edilməsi ilə bağlı 1998-ci il martın 26-da imzalanmış fərmanı və digər normativ sənədləri göstərmək olar. Mən bu sıraya bir sənədi də xüsusi olaraq əlavə etməyi özümə borc bilirəm.
Bu sənəd Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyası haqqında Ümummilli liderimiz tərəfindən imzalanmış 1 mart 2001-ci il tarixli sərəncamdır. Məhz bu sərəncamla dahi lider Dövlət Komissiyasının qarşısında “Ermənistan tərəfindən azərbaycanlılara qarşı həyata keçirilən soyqırım və etnik təmizləmə siyasətini əks etdirən hüquqi-tarixi sənədlərin, əsir və itkin düşmüş, girov götürülmüş şəxslərlə bağlı materialların dünya ictimaiyyətinə çatdırılması üçün ardıcıl və məqsədyönlü” işlərin aparılmasını vacib vəzifə kimi müəyyən edib.
Qısa olaraq deyə bilərəm ki, yuxarıda barəsində danışdığım birgə-istintaq əməliyyat qrupu bu sərəncamdan irəli gələn vəzifələrin icrası üçün yaradılıb və hazırda da fəaliyyətini davam etdirir. Bundan başqa, ötən müddət ərzində Komissiyanın İşçi qrupu tərəfindən bu sahədə ardıcıl, məqsədyönlü və sistemləşdirilmiş iş aparılıb. Ümumiyyətlə, Dövlət Komissiyasının təşəbbüsü və iştirakı ilə 20-dən çox dildə hazırlanmış iki yüz mindən artıq təbliğat vasitəsi Respublikamızın xarici ölkələrdəki səfirlik və nümayəndəliklərinə, diaspor təşkilatlarına, dünyanın tanınmış elm ocaqlarına və kitabxanalarına göndərilmiş, imkan dairəsində politoloq və konfliktoloqlara, jurnalistlərə, xarici dövlət və ictimai xadimlərinə paylanmış, keçirilmiş tədbirlərdə yayılıb. Materialların yayılma coğrafiyası dünyanın aparıcı dövlətlərinin demək olar ki, hamısını əhatə edir. Bu məqsədlə həmçinin xaricdə və ölkə daxilində geniş tədbirlər və elmi konfranslar keçirilib.
Hazırda bu proses Azərbaycanın xarici siyasətinin əsas istiqamətlərindən biri kimi müəyyənləşdirilib. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin uğurlu xarici siyasəti nəticəsində artıq bir sıra beynəlxalq təşkilatların qəbul etdiyi sənədlərdə Ermənistan işğalçı dövlət kimi göstərilib. Xocalı həqiqətlərinin dünyaya çatdırılması, beynəlxalq aləmdə yayılması, eləcə də bu soyqırımına obyektiv qiymət verilməsi istiqamətində davamlı olaraq addımlar atılıb.
Sözsüz ki, bu sahədə ən təqdirəlayiq iş Heydər Əliyev Fondu, xüsusilə onun prezidenti, UNESCO-nun və İSESCO-nun xoşməramlı səfiri, Milli Məclisin deputatı Mehriban xanım Əliyeva və fondun vitse-prezidenti Leyla xanım Əliyeva tərəfindən aparılır.
2008-ci il mayın 8-də, Leyla xanım Əliyevanın təşəbbüsü ilə “Xocalıya ədalət!” kampaniyasının təsis edilməsi isə bu soyqırımın dünyada tanınmasına, beynəlxalq aləmdə mənəvi-siyasi qiymət verilməsinə ciddi təkan verib. Hazırda faciənin mənəvi və siyasi-hüquqi səviyyədə tanınmasına yönəlmiş kampaniya bir sıra ölkələrdə uğurla həyata keçirilir.
Məlumdur ki, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev 17 yanvar 2012-ci il tarixdə Xocalı soyqırımının iyirminci ildönümü haqqında ayrıca sərəncam imzalayıb və həmin ildə keçirilmiş ümumxalq yürüşündə şəxsən iştirak edib. Bu prizmadan çıxış etsək sözsüz ki, soyqırımın 25-ci ildönümü də yüksək səviyyədə qeyd olunacaq və dünyada tanınması üçün zəruri işlər davam etdiriləcəkdir. İnanırıq ki, sistemli şəkildə aparılan işlər nəticəsində Xocalıda insanlıq və bəşəriyyət əleyhinə cinayət törətmiş şəxslər beynəlxalq cinayət məhkəməsi qarşısında cavab verəcəklər. Əgər bəşəriyyət ədalətini itirməyibsə, bu olacaq.

İsmayıl müəllim, geniş və ətraflı müsahibəyə görə, təşəkkürümüzü bildirir və xalqımız üçün vacib olan bu çətin və həssas işdə fəaliyyətinizə görə Sizə və rəhbərlik etdiyiniz kollektivə uğurlar diləyirik.

1905.az

 

geri qayıt

A  A  A
ERMƏNI TERRORU
İŞGƏNCƏLƏR
DEPORTASİYA