|
|
 |
|
|
|
|
|
|
|
|
© 20042005 human.gov.az
MEQA şirkətinin istehsalı
|
|
|
|
|
|
 |
|
|
|
|
Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyasının və İşçi qrupunun 2009-cu il ərzində fəaliyyəti ilə bağlı hesabat.
2009-cu il ərzində Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyası və onun İşçi qrupu qarşısında duran vəzifələrin icrası istiqamətində plana uyğun surətdə fəaliyyətini davam etdirmiş və aşağıdakı nəticələr əldə olunmuşdur.
Aprelin 1-də Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyasının sədri Eldar Mahmudov ölkəmizdə səfərdə olan Belçika Krallığının senatoru xanım Dominique Tilmansı və onun rəhbərlik etdiyi nümayəndə heyətini qəbul etmişdir. Komissiya sədri ölkəmizin 1988-ci ildən etibarən Ermənistan tərəfindən işğala məruz qaldığını, müharibə və insanlıq əleyhinə cinayətlərlə yanaşı ağır humanitar problemlə də üşləşdiyini diqqətə çatdırmışdır.
17 sentyabr 2009-cu il tarixdə Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyasının sədri Eldar Mahmudov Beynəlxalq Qızıl Xaç Komitəsinin Azərbaycandakı Nümayəndəliyinin rəhbəri Tun Vandenhovu onun xahişi ilə qəbul etmişdir. Görüş zamanı bir sıra vacib məsələlər, o cümlədən son illər əsir düşmüş hər iki tərəfə aid hərbçilərə aid vəziyyət, xüsusən onların kütləvi informasiya vasitələrinə çıxarılaraq ictimaiyyətin maraq obyektinə çevrilməsi və üçüncü ölkələrə getmək istəməsi hallarının artması ilə bağlı beynəlxalq təşkilatlarda yaranmış narahatçılıqlarla əlaqədar məsələlər müzakirə olunmuşdur.
Ümumiyyətlə, hesabat dövründə Beynəlxalq Qızıl Xaç Komitəsi ilə 25 görüş keçirilmiş, «Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi ilə bağlı itkin düşmüş şəxslər haqqında Ante Mortem məlumatların toplanması və mərkəzləşdirilmiş şəkildə idarə olunması üzrə» çərçivə sazişindən irəli gələn öhdəliklərin yerinə yetirlməsi ilə bağlı məsələlər, itkinlərin siyahıları arasındakı fərqin aradan qaldırılması, əməkdaşlığın daha da səmərəli qurulması üçün təkliflər müzakirə olunmuş, görülmüş işlər nəzərdən keçirilmiş, o cümlədən il ərzində əsir və girov götürülmüş azərbaycanlıların və ermənilərin azad olunması istiqamətində danışıqlar aparılmışdır.
İl ərzində Dövlət Komissiyasında itkin düşmüş şəxs kimi qeydiyyata alınmış, lakin Beynəlxalq Qızıl Xaç Komitəsində qeydiyyatdan keçməyən 117 Azərbaycan vətəndaşı ilə bağlı materiallar toplanmış və sistemləşdirilərək bu quruma göndərilmişdir.
İtkin düşmüş şəxslərin axtarışı istiqamətində aparılmış araşdırmalar nəticəsində il ərzində Dövlət Komissiyasında itkin kimi qeydiyyatdan keçən 84 nəfərin taleyi müəyyən olunmuş (2005-ci ildən ötən müddət ərzində 930 nəfər), adları siyahıdan çıxarılmışdır. Onlardan 29 nəfərin sağ, 35 nəfərin döyüşlərin gedişində həlak olduğu və yaxınları tərəfindən tanınaraq dəfn edildiyi, 13 nəfərin adının siyahıda təkrar keçdiyi, 7 nəfərin isə münaqişə bölgəsindən kənarda itkin düşdüyü müəyyənləşdirilmişdir. Həmçinin, araşdırmalar zamanı 7 nəfərin döyüşlərin gedişində itkin düşməsi faktı aşkar edilmiş, adları müvafiq siyahıya salınmışdır. 1 dekabr 2009-cu il tarixə olan məlumata görə, 4133 nəfər itkin düşmüş, 1396 nəfər əsir və girovluqdan azad olunmuş şəxs kimi Dövlət Komissiyasında qeydiyyatdan keçir.
Araşdırmalar nəticəsində Dövlət Komissiyasında itkin düşmüş şəxs kimi qeydiyyata alınmış 44 nəfərin Ermənistan silahlı qüvvələri tərəfindən işğal olunmuş ərazilərdə sağ-salamat qalması və əsir-girov götürülməsinin ehtimal olunduğu müəyyənləşdirilmişdir. Bu faktlar, o cümlədən itkin düşmüş şəxslərlə bağlı aparılmış axtarış-araşdırma tədbirlərinin nəticəsi olaraq 119 şəxs barədə ümumiləşdirilmiş arayışlar tərtib edilmişdir.
Dövlət Komissiyasında olan məlumatların dəqiqləşdirilməsi və itkin düşmüş şəxslərin axtarışı ilə əlaqədar müxtəlif dövlət orqanlarına və beynəlxalq təşkilatlara 576 nəfər barədə sorğular göndərilmişdir. Bu kateqoriyadan olan 983 nəfərin «şəxsi iş»i yaradılmışdır.
Dövlət Komissiyasında və Beynəlxalq Qızıl Xaç Komitəsində itkin düşmüş şəxs kimi qeydiyyata alınmış 322 şəxslə bağlı verilmiş sorğulara əsasən daxil olmuş cavablar, əldə olunmuş digər məlumatlar (o cümlədən anket məlumatlar), təhlil edilmiş və sistemləşdirilərək müvafiq bazalara əlavə edilmiş, həmçinin onlara aid «şəxsi iş»lərdə toplanmışdır.
29 sentyabr 2009-cu il tarixdə Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyasının növbəti iclası keçirilmiş və aşağıdakı məsələlər müzakirə olunmuşdur:
- Dövlət Komissiyası və İşçi qrupunun son iclasdan keçən müddət ərzindəki fəaliyyəti ilə bağlı hesabat.
- Dağlıq Qarabağın silahlı separatçı qüvvələri və Ermənistan hərbi birləşmələri tərəfindən törədilmiş cinayət hadisələrinin istintaqı ilə əlaqədar birgə istintaq-əməliyyat qrupunun məlumatı və 2004-2008-ci illər ərzində əsirlikdən azad edilmiş Azərbaycan əsgərlərinin cinayət məsuliyyətinə cəlb edilməsinin səbəbləri.
- Dövlət Komissiyasının vaxtsız vəfat etmiş üzvü, professor Rövşən Mustafayevin xatirəsinin əbədiləşdirilməsi ilə bağlı təkliflər və müzakirələr.
- Cari məsələlər:
- Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevin 419 saylı, 28 iyul 2009-cu il tarixli Sərəncamı ilə «Azərbaycan Bayrağı» ordeni ilə (ölümündən sonra) təltif edilmiş Atakişiyev Fərhad Rəhman oğluna aid ordenin ailəsinə təqdim olunması.
- Əsirlikdə olarkən qəhrəmanlıq göstərmiş Azərbaycan əsgərlərinə həsr olunmuş «Qarabağdır Azərbaycan» adlı filmin təqdimatı.
İclasla bağlı müvafiq hazırlıq işləri aparılmış, materiallar, məruzə və məlumatlar tərtib edilmişdir. İclasın işi kütləvi informasiya vasitələrində işıqlandırılmışdır.
Birləşmiş Millətlər Təşkilatının Qadınların vəziyyəti üzrə Komissiyasının 52 sessiyasında qəbul edilmiş 5/1 saylı «Silahlı münaqişələr zamanı girov götürülmüş, saxlanılmış qadınların və uşaqların azad edilməsi» adlı qətnamənin həyata keçirilməsi və Avropa Şurası Nümayəndələr Komitəsinin Hüquqi Məsələlər üzrə Məruzəçi qrupunun iclasında müzakirə ediləcək «İtkin düşmüş və ölmüş elan edilmiş şəxslər» haqqında tövsiyə layihəsi ilə bağlı Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyindən daxil olmuş məktublarla əlaqədar məlumat, rəy və təkliflər hazırlanaraq göndərilmişdir.
İtkin düşmüş 35 vətəndaşın valideynləri tərəfindən Respublika Prezidentinə, «Heydər Əliyev fondu»na, Dövlət Komissiyasının sədrinə və digər dövlət orqanlarına ünvanlanmış ərizələrə baxılmış, qaldırılmış məsələlər araşdırılmış, görülmüş işlərlə əlaqədar Respublika Prezidenti İcra Aparatına, «Heydər Əliyev fondu»na, digər aidiyyəti orqanlara və vətəndaşlara məlumatlar verilmişdir.
İtkin düşmüş və əsirlikdən azad olunmuş şəxslərlə bağlı müxtəlif dövlət orqanlarından və beynəlxalq təşkilatlardan daxil olmuş 79 sorğu icra olunmuşdur.
Dövlət Komissiyasına müraciət etmiş 178 itkinin yaxın qohumları İşçi qrupunda qəbul olunmuş, onlara yaxınlarının axtarışı ilə əlaqədar görülmüş işlər barədə ətraflı məlumatlar verilmiş, itkin düşmə şəraitləri barədə əlavə məlumatlar alınaraq sənədləşdirilmiş, anket vərəqələri doldurulmuşdur. Bundan başqa, 8 oktyabr 2008-ci il və 10 may 2009-cu il tarixlərində Ermənistan hərbçiləri tərəfindən əsir götürülmüş Azərbaycan əsgərləri – Həsənov Rafiq Rəhman oğlu və Hacıyev Anar Xanbaba oğlunun da valideynləri Dövlət Komissiyasının İşçi qrupunda dəfələrlə qəbul olunmuş və övladlarının azad olunması istiqamətində aparılan tədbirlər barədə onlara ətraflı məlumat verilmişdir. Eyni zamanda, valideynlərə bu məsələnin çox həssas xarakter daşıdığı, övladları barədə onların razılığı olmadan və yoxlanılmamış, fərziyələrə əsaslanan hər hansı məlumatların yayılmasının onların azad olunması prosesinə mənfi təsir edəcəyi izah olunmuş, bununla bağlı onlara müvafiq tövsiyyələr verilmişdir. Lakin valideynlər bu tövsiyyələrə çox zaman əməl etməmiş, övladlarının əsirlikdən yalnız ailələrinə ünvanladıqları məktubları belə, açıqlamışlar ki, bu da beynəlxalq humanitar hüquq normalarına ziddir.
Beynəlxalq təşkilatlardan təqdim olunmuş məlumatlara əsasən itkin düşdüyü bildirilən ermənilərlə də bağlı Dövlət Komissiyasının İşçi qrupunda cari il ərzində araşdırma işi davam etdirilmişdir. Belə ki, 38 nəfər barədə məlumatlar araşdırılmış, arayışlar tərtib olunmuşdur.
Cari ilin yanvar ayının 19-dan 23-dək Fransanın Lion şəhərində, İnterpolun mənzil-qərargahında təşkil edilmiş «Soyqırım, müharibə cinayətləri və insanlıq əleyhinə olan cinayətlərlə mübarizə üzrə» beynəlxalq seminarda, may ayının 18-dən 20-dək Norveç Krallığının Oslo şəhərində keçirilmiş «Soyqırım, müharibə cinayətləri və insanlığa qarşı cinayətlər» mövzusunda ekspertlərin 4-cü Beynəlxalq konfransında və oktyabr ayının 21-dən 29-dək Oslo şəhərində, Beynəlxalq Kriminal və Humanitar Hüquq üzrə Forumun təşkil etdiyi beynəlxalq seminarda Dövlət Komissiyasının İşçi qrupu təmsil olunmuşdur. Tədbirlərdə 20-yə yaxın ölkədən 60-dan çox nümayəndə təmsil olunmuşdur. Nümayəndələr əsas etibarı ilə istintaq orqanları, qeyri-hökumət təşkilatları və bu sahədə elmi-tədqiqat işləri aparan alimlərdən ibarət olmuşdur. Tədbirlər praktik xarakter daşımış, məşğələlər diskussiya şəkilində qurulmuşdur. Məruzəçilər əsas etibari ilə soyqırım, müharibə cinayətləri və insanlıq əleyhinə olan cinayətlər üzrə təcrübəli mütəxəssislərdən ibarət olmuşdur. Müzakirələr zamanı humanitar missiya yerinə yetirən təşkilat olaraq itkinlərin axtarışı və əsirlərin azad olunması prosesində çoxlu sayda müharibə cinayətləri, soyqırım, insanlıq əleyhinə cinayətlər barədə faktların əldə edildiyi, köməksiz insanlara işgəncələr vermiş şəxslər barədə şahid ifadələrinin olduğu seminar iştirakçılarının diqqətinə çatdırılmış və onların marağına səbəb olmuşdur. Ayrı-ayrı nümayəndələr bu faktlardan necə istifadə olunması barədə maraqlanarkən onlara cinayət işinin istintaqının aparılması barədə məlumat verilmişdir.
Aprel ayının 18-dən 25-dək İngiltərənin London şəhərində keçirilmiş beynəlxalq kitab festivalında və sentyabr ayının 22-dən 28-dək Belarusiyanın paytaxtı Minsk şəhərində keçirilmiş «Azərbaycan, Belarusiya və dünya klassikası miniatür kitablarda» adlı sərgidə Dövlət Komissiyasının üzvü Zərifə Salahova iştirak etmişdir. Tədbirlər çərçivəsində Komissiya üzvü Britaniya Milli kitabxanasında, Britaniya Parlamentində və Oksford Universitetində, Belarus Milli kitabxanasında və Prezident kitabxanasında görüşlər keçirmiş, Dövlət Komissiyası tərəfindən hazırlanmış kitabları və kompakt diskləri həmin qurumlara təqdim etmişdir.
«Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi ilə bağlı itkin düşmüş şəxslər haqqında Ante Mortem məlumatların toplanması və mərkəzləşdirilmiş şəkildə idarə olunması üzrə» çərçivə sazişindən irəli gələn vəzifələrin yerinə yetirilməsi üçün bu ilin mart və dekabr aylarında Bərdə şəhərində Beynəlxalq Qızıl Xaç Komitəsi tərəfindən təşkil edilmiş təlim kursunda Dövlət Komissiyası İşçi qrupunun rəhbəri iştirak etmişdir. O, təlim keçən Azərbaycan Qızıl Aypara Cəmiyyətinin gənc könüllüləri qarşısında məruzə etmiş və bu humanitar problemin tarixini, mahiyyətini, onun həssas xarakter daşıdığını və məlumatlar toplamaq məqsədi ilə itkin düşmüş şəxslərin ailələri ilə keçiriləcək görüşlər zamanı bütün bu amillərin nəzərə alınmasının zəruriliyini izah etmişdir. Bundan başqa, iyul ayının 12-dən 18-dək bu qurumun Moskva şəhərindəki ofisində təşkil edimiş təlim-kurslarda Dövlət Komissiyası İşçi qrupunun iki əməkdaşı iştirak etmiş və müvafiq sertifakt almışlar.
Azərbaycan Respublikası Milli Məclisinin İnsan Hüquqları Komitəsində Beynəlxalq Qızıl Xaç Komitəsi tərəfindən irəli sürülmüş «İtkin düşmüş şəxslər haqqında» model qanun layihəsinin müzakirəsi ilə bağlı «İtkin düşmüş şəxslər probleminin hüquqi tənzimlənməsi» mövzusunda 21 may 2009-cu il tarixdə təşkil edilmiş dəyirmi masada Dövlət Komissiyasının İşçi qrupu təmsil olunmuş, Komissiyanın bu məsələ ilə bağlı rəsmi mövqeyini diqqətə çadırmışdır.
Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkilinin (Ombudsman) aparatı tərəfindən 25-27 may 2009-cu il tarixdə təşkil edilmiş «Ekstremal şəraitdə uşaq hüquqlarının müdafiəsi və milli insan hüquqları İnstitutlarının rolu» mövzusunda Beynəlxalq Konfransda Dövlət Komissiyasını İşçi qrupu təmsil olunmuş və «Ermənistanın Azərbaycana təcavüzünün qurbanı olmuş uşaqlar və qadınlar» adlı məruzə edilmişdir.
Xocalı, Qaradağlı və Şuşanın işğalının ildönümü, 31 mart azərbaycanlıların soyqırımı günü ilə bağlı ölkə ərazisində keçirilmiş tədbirlərdə Komissiya üzvləri və İşçi qrupunun əməkdaşları fəal iştirak etmiş, bununla bağlı Komissiyada olan materiallar əsasında ictimaiyyətə əlavə məlumatlar verilmiş, çıxışlar edilmiş, kitablar və kompakt disklər yayılmışdır.
Xocavənd rayonun Qaradağlı kəndinin Ermənistan silahlı birləşmələri tərəfindən işğalının il dönümü ilə bağlı Dövlət Komissiyasında toplanmış materilalların əsasında İctimai TV ilə birlikdə «Yuxularımdakı kənd» adlı sənədli film hazırlanmış və yayımlanmışdır.
AMEA İnsan hüquqları üzrə elmi-tədqiqat İnstitutu ilə birlikdə 23 aprel 2009-cu il tarixdə «Ermənilik: Mif və reallıq» mövzusunda elmi-praktik konfrans təşkil edilmişdir. Konfransda Dövlət Komissiyasının üzvləri, və bu sahədə araşdırma aparan alimlər iştirak etmişlər.
Sineallians kinoşirkəti ilə birlikdə Ermənistanın Azərbaycana təcavüzü zamanı əsir götürülmüş və əsirlikdə qəhrəmanlıq nümunəsi göstərmiş Azərbaycan əsgərlərinin ümumiləşdirilmiş obrazını əks etdirən «Qarabağdır Azərbaycan» adlı bədii-sənədli film hazırlanmış və 26 fevral 2009-cu il tarixdə Azərbaycan kinoteatrında bu filmin təqdimat mərasimi keçirilmişdir. Mərasimdə Respublikamızda akreditə olunmuş səfirliklərin nümayəndələri, Dövlət Komissiyasının üzvləri, millət vəkilləri, incəsənət xadimləri, alim və ziyalılar, jurnalistlər və qeyri-hökumət təşkilatlarının nümayəndələri iştirak etmişlər.
Aprel ayının 29-da Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyası və Milli Təhlükəsizlik Nazirliyi, Daxili İşlər Nazirliyi və Respublika Prokurorluğunun birgə istintaq-əməliyyat qrupunda toplanmış materiallar əsasında jurnalist Tatyana Çaladze tərəfindən tərtib edilmiş «Karabaxskiy qenoüid: Obreçennıy Xodjalı» kitabının təqdimatı mərasimi keçirilmişdir. Mərasimdə Dövlət Komissiyasının üzvləri, Millət vəkilləri, alim və ziyalılar, jurnalistlər, tələbə-gənclər və qeyri-hökumət təşkilatlarının nümayəndələri iştirak etmişlər.
Hesabat dövründə Dövlət Komissiyasının materiallar toplusu (azərbaycan, rus ingilis dillərində), «Erməni terroru», «Prestuplenie armənskix terroristiçeskix i banditskix formiravaniy protiv çeloveçestva», «Skazki armənskix «mudreüov», «Bizi əsirlikdən qurtarın», «Qarabağ: dünən, bu gün fotoşəklillərdə», «Arazın hər iki tayında müsəlmanların soyqırımı» adlı kitablar, «Erməni terroru», «Armenian terrorizm», «Armenian terror», «Xocalı faciəsi» adlı azərbaycan və ingilis dillərində film, «Qarabağ» kitabının CD variantı, Avstriyalı alim, tədqiqatçı Erix Fayqlın «Terror haqqında həqiqət», «Kəskin dönüş, erməni mifomaniyası və həqiqət» adlı kitablarının CD variantı, o cümlədən, xəritə, Xocalı faciəsini və digər cinayət faktlarını əks etdirən fotolar yazılmış kompakt disklər Dövlət Komissiyasının üzvləri, dövlət və qeyri-hökumət qurumlarnın əməkdaşları, ictimaiyyətin nümayəndələrinin iştirakı ilə Respublikamızda və xarici ölkələrdə yayılmışdır.
Ölkədə və xaricdə fəaliyyət göstərən kütləvi informasiya vasitələrində, eyni zamanda Dövlət Komissiyasının rəsmi saytında müntəzəm olaraq məlumatlar yayılmış, Komissiyanın gördüyü işlər barədə müsahibələr verilmiş, məqalələr dərc olunmuş, soyqırım, etnik təmizləmə, vandalizm, əsir, girov və itkinlərlə bağlı həqiqətlərin ictimaiyyətə çatdırılması istiqamətində məqsədyönlü fəaliyyət göstərilmişdir.
İnternet şəbəkəsindən istifadə edilərək beynəlxalq təşkilatlar və informasiya agentlikləri ilə müntəzəm yazışmalar aparılmış, materiallar göndərilmiş (o cümlədən video və fotofaktlar), şəbəkədə olan məlumatlar nəzərdən keçirilmiş, əhəmiyyətli materiallar təhlil edilərək öyrənilmiş və arxivləşdirilmişdir. Dövlət Komissiyasına müraciət etmiş 26 nəfərin sosial problemlərinin həll olunması üçün Komissiya üzvlərinə və müvafiq dövlət orqanlarına məktublar göndərilmişdir.
|
|
|
|
|
|