|
Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyası Işçi qrupu tərəfindən 2010-cu ilin ötən dövrü ərzində keçirilmiş axtarış-araşdırma tədbirləri nəticəsində Komissiyada itkin düşmüş şəxs kimi qeydiyyata alınmış şəxslərdən 47 nəfərin taleyinə aydınlıq gətirilmiş, onların adları itkinlərin siyahısından çıxarılmışdır. Həmin şəxslərdən 15 nəfərinin döyüşlərdən və mühasirələrdən sağ çıxdığı, 17 nəfərin döyüşlərdə həlak olduğu, meyitlərinin tanınaraq dəfn edildiyi, 12 nəfərin isə siyahılardan təkrar keçdiyi, 3 nəfərin isə münaqişə bölgəsində kənarda itkin düşdüyü müəyyən edilmişdir.
Beləliklə, 1 iyun 2010-cu il tarixinə əsir, itkin düşmüş və girov götürülmüş şəxslərin sayı 4090 nəfər təşkil etmişdir. Onlardan 3297 nəfər hərbçi, 787 nəfər mülki şəxslərdir.6 nəfərin hərbçi və ya mülki olduğu məlum deyil.
Mülki şəxslərdən 48 nəfəri itkin düşərkən yetkinlik yaşına çatmamış uşaq (17 nəfər azyaşlı qız), 252 nəfər qadın, 353 nəfər yaşlı şəxsdir (151 nəfər qadın).
Əsir, itkin düşmüş 4090 nəfərdən 783 nəfərin əsir və girov götürülməsi barədə məlumatlar daxil olmuş, şahid ifadələri alınmışdır.
Əsir və girovluqdan 1397 nəfər azad edilmişdir. Onlardan 343 nəfər qadın, 1054 nəfər kişidir. Eyni zamanda 169 nəfər uşaq (65 nəfər azyaşlı qız), 289 nəfər yaşlı şəxsdir (112 nəfər yaşlı qadın).
Dövlət Komissiyasına daxil olmuş materialların təhlili zamanı 553 nəfərin əsir və girovluqda qətlə yetirildiyi və ya müxtəlif səbəblrdən vəfat etdiyi müəyyən edilmişdir. Onlardan 104 nəfər qadın, 448 nəfər kişidir. 137 nəfərin yalnız adı məlumdur, 74 nəfər isə naməlum şəxslərdir.
01 iyun 2010-cu il
|